Əli Xan Musayev · 26

Kaynak künyesi

Azerbaijani Translation - Ali Khan Musayev · QuranEnc.com · Sürüm 1.0.4

Özgün kaynak

1

Ta. Sin. Mim.

2

Bunlar aydın Kitabın ayələridir.

3

Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?

4

Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər.

5

Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.

6

Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir.

7

Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?

8

Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı.

9

Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

10

Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –

11

Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”

12

(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,

13

(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.

14

Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.

15

(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.

16

Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!

17

İsrail oğullarını bizimlə göndər!”

18

(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?

19

Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”

20

(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam.

21

Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.

22

Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”.

23

Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

24

(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”

25

Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”

26

(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

27

(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”

28

(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”

29

(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”

30

(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”

31

(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”

32

(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.

33

Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.

34

(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!

35

O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”

36

Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,

37

bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

38

Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.

39

İnsanlara deyildi: “Siz də yığışırsınızmı?

40

Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.

41

Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər.

42

(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.

43

Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.

44

Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.

45

Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu.

46

Sehrbazlar səcdəyə qapandılar

47

və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –

48

Musanın və Harunun Rəbbinə!”

49

(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.

50

Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.

51

Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.

52

Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik.

53

Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.

54

(O dedi:) “Bunlar kiçik bir dəstədir.

55

Onlar bizi qəzəbləndirmişlər.

56

Biz hamımız ayıq-sayıq olmalıyıq.”

57

Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;

58

xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq).

59

Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.

60

Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.

61

İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.

62

(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

63

Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.

64

O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.

65

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

66

O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik.

67

Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

68

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

69

Onlara İbrahimin əhvalatını da oxu.

70

Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi.

71

Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər.

72

O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?

73

Yaxud sizə xeyir və ya zərər verirlərmi?”

74

Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.

75

O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –

76

həm siz, həm də ulu babalarınız?

77

Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.

78

(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;

79

(O Rəbb ki,) məni yedirdir və içirdir;

80

(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;

81

(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;

82

(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.

83

Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

84

Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!

85

Məni Nəim cənnətinin varislərindən et!

86

Atamı bağışla! Çünki o, azmışlardandır.

87

(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!

88

O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.

89

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”

90

(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar.

91

Cəhənnəm də azğınlara göstərilər.

92

Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –

93

Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”

94

Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,

95

İblisin bütün əsgərləri də, (həmçinin).

96

Onlar orada höcətləşərək deyərlər:

97

“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –

98

o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.

99

Bizi ancaq günahkarlar azdırdı.

100

İndi isə bizim nə şəfaətçilərimiz,

101

nə də (bizə) canıyanan bir dostumuz var!

102

Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”

103

Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

104

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

105

Nuh qövmü də elçiləri yalançı saydı.

106

O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?

107

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.

108

Allahdan qorxun və mənə itaət edin.

109

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

110

Allahdan qorxun və mənə itaət edin!”

111

Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.

112

(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!

113

Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!

114

Mən iman gətirənləri qovan deyiləm.

115

Mən yalnız açıq-aşkar bir qorxudanam”.

116

Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.

117

(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

118

Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”

119

Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik.

120

Sonra qalanları isə suya qərq etdik.

121

Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

122

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

123

Ad tayfası da elçiləri yalançı saydı.

124

O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?

125

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.

126

Allahdan qorxun və mənə itaət edin!

127

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

128

Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?

129

Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?

130

(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?

131

Allahdan qorxun və mənə itaət edin!

132

Bildiyiniz nemətləri sizə verəndən qorxun.

133

O sizə heyvanat və oğul-uşaq verdi,

134

(üstəlik) bağlar və çeşmələr də əta etdi.

135

Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”.

136

Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.

137

Bu, yalnız əvvəlkilərin adətidir.

138

Biz əzaba düçar olan da deyilik”.

139

(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

140

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

141

Səmud tayfası da elçiləri yalançı saydı.

142

O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

143

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.

144

Allahdan qorxun və mənə itaət edin.

145

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

146

Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

147

Bağlar və bulaqlar içində,

148

əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)

149

Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

150

Allahdan qorxun və mənə itaət edin!

151

Həddi aşanların əmrinə tabe olmayın.

152

O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”.

153

Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.

154

Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”.

155

(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).

156

Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.

157

Onlar dəvəni kəsdilər, sonra da peşman oldular.

158

Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

159

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

160

Lut qövmü da elçiləri yalançı saydı.

161

O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?

162

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.

163

Allahdan qorxun və mənə itaət edin!

164

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

165

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

166

və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.

167

Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”

168

O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.

169

Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”

170

Biz onu və bütün ailəsini xilas etdik.

171

Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.

172

Sonra da o birilərini məhv etdik.

173

Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!

174

Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

175

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

176

Əykə əhli də elçiləri yalançı saydı.

177

O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?

178

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.

179

Allahdan qorxun və mənə itaət edin!

180

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

181

Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

182

Düz tərəzi ilə çəkin.

183

İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin.

184

Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”

185

Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.

186

Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.

187

Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.

188

(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.

189

Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

190

Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

191

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

192

Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.

193

Onu sadiq ruh (Cəbrail) endirdi –

194

sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.

195

(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).

196

Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir.

197

Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!

198

Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik

199

və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.

200

Biz (küfrü) günahkarların qəlbinə belə saldıq.

201

Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.

202

O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.

203

Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”

204

Onlar əzabımızın tez gəlməsini istəyirlər?

205

Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,

206

sonra vəd olunduqları (əzab) onlara yetişsə,

207

onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.

208

Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.

209

(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!

210

Onu (Quranı) şeytanlar endirmədi.

211

Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.

212

Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.

213

Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.

214

Ən yaxın qohumlarını qorxut!

215

Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!

216

Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”

217

Qüdrətli və Rəhmli olana təvəkkül et!

218

O səni (namaza) duranda da görür,

219

səcdə edənlər içində hərəkətinidə.

220

Həqiqətən də, O, Eşidəndir, Biləndir!

221

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

222

Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar.

223

(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!

224

Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.

225

Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)

226

və etmədikləri şeylərdən danışırlar?

227

Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.